29.05.2022İdmana dəstək
Azərbaycan Standartlaşdırma İnstitutu ilə “Gəncə İdman Klubu” arasında memorandum imzalanıb.
Memorandumun məqsədi ölkədə beynəlxalq tələblərə uyğun idman sahəsində standartların hazırlanmasından ibarətdir. Anlaşmaya əsasən, ilk olaraq yerli qanunvericilik və beynəlxalq standartlar nəzərə alınmaqla birgə araşdırmaların aparılması nəzərdə tutulub.
​Memorandum çərçivəsində idman sahəsində mövcud dövlət standartlarının təhlilinin aparılması və aktuallaşdırılması, federasiyaların fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil edilməsində məsləhət xidmətlərinin göstərilməsi və idarəetmə sistemlərinin sertifikatlaşdırılması, peşə standartlarının hazırlanması, müvafiq standartlar əsasında təlimlərin təşkili məsələləri yer alıb. Həmçinin anlaşmada əməkdaşlıq istiqamətləri üzrə məlumat mübadiləsi, birgə tədbirlərin (konfrans, seminar, simpozium, bençmarkinq, dəyirmi masa və s.) təşkili, yeni kadrların və mütəxəssislərin hazırlanması, bilik və bacarıqlarının artırılması və​ ​təkmilləşdirilməsi və bu sahədə qəbul ediləcək yeni standartlar haqqında ictimai məlumatlandırmanın aparılmasına da yer verilib. ​
​Memorandumu Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun birinci müavini, baş direktorun vəzifəsini müvəqqəti icra edən İlham Bayramov və “Gəncə İdman Klubu”nun prezidenti Elvin Abbasov imzalayıblar.
​İnstitutun əsas fəaliyyət istiqamətləri standartların hazırlanması, qəbulu və ləğv edilməsi, Dövlət Standartlar Fondunun idarə edilməsi, Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycanın standartlaşdırma üzrə beynəlxalq və​ regional təşkilatlarında təmsil edilməsi, standartlaşdırma üzrə xarici ölkələrin təşkilatları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması, standartlaşdırma​ və​ uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin təşviq edilməsidir. 2017-ci ildən İnsititut ISO-nun tamhüquqlu üzvü olmaqla yanaşı, Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) Müxbir ölkələr proqramında (Affiliate Country Program) iştirak edir, Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş standartlaşdırma orqanı (CSB) statusunda ​ təmsil olunur.
22.05.2022Sosial məsuliyyət
Gəncə İdman Klubun Prezidenti Elvin Abbasov yeni ixtira edib.

Dünyada ilk dəfə olaraq Azərbaycanda mobil su ölçmə cihazı ixtira edilib. “Suqovuşan” adlanan cihazı "Virtual Azərbaycan" şirkətinin rəhbəri, ixtiraçı Elvin Abbasov hazırlayıb.

Qurğu ilə bağlı  açıqlama verən E. Abbasov bildirib ki, bu qurğu vasitəsi ilə suvarma kanallarından daha səmərəli istifadə etmək mümkün olacaq:

“Dünyada ilk dəfə Azərbaycanda ixtira edilən bu cihazı hazırlamaqda əsas məqsədimiz suvarma suyundan səmərəli istifadəyə şərait yaratmaqdır. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun azad etdiyi ərazilərdən biri də Suqovuşan qəsəbəsidir. Həmin cihazımızı da suvarma və elektrik enerjisi baxımından ölkəmiz üçün əhəmiyyəti böyük olan Suqovuşanın adını verdik.

Qurğu, meliorasiya və suvarma sahəsində səlahiyyətli qurum olan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın işini daha da asanlaşdıracaq. İndiyə qədər Sudan İstifadəedənlər Birliklərinə (SİB) suyun satışı ilə bağlı çox böyük əziyyət çəkilirdi. Bunun üçün həm daha böyük həcmli qurğular və bir neçə saat, bəzən bir neçə gün vaxt alan fəaliyyət həyata keçirilirdi. Müxtəlif dərinliklərdə suyun sürəti fərqli olduğunundan onu ölçmək üçün “pərvanə”lərdən istifadə edilirdi. Bundan sonra isə hesablama aparılırdı.

Amma bu innovativ ixtiramızla biz yeni bir yanaşma tətbiq elədik. Belə ki, bu mobil qurğu ilə həmin əziyyətə qatlaşmadan yalnız 2 dəqiqə ərzində suvarma kanalı ilə bağlı bütün məlumatları əldə edə bilirik. Bu cihazımızda 3 sensor var. Onlardan biri kanalın dərinliyini və en kəsiyini ölçməklə onun 3D modelini yaradır. Digər iki sensor isə suyun sürətini ölçür. Nəticədə isə en kəsiyi ilə sürəti hesablayır və ümumilikdə o kanaldan müəyyən zaman kəsiyində nə qədər su keçdiyini hesablayır.

Bu o deməkdir ki, SİB-lər bundan sonra çox rahat şəkildə həmin qurğu ilə maksimum 2 dəqiqə ərzində su ilə bağlı lazımi məlumatları əldə edə biləcəklər. Nəticədə həmin birlik mövcud su tarifinə görə, əkilən ərazinin suvarılması üçün çəkəcəyi xərci də əvvəldən hesablaya bilir. “Suqovuşan”ın hesablayıb əldə etdiyi bütün məlumatlar onlayn rejimdə onu idarə edən şəxsin mobil telefonunda olan mobil əlavədə əks olunacaq.

İxtiraçı bildirib ki, bu, onun ixtira etdiyi dördüncü qurğudur və həmin cihazdan kiçik kanallarda istifadə edilməsi daha effektivdir:

“Bu daha çox kiçik kanallarda effektiv nəticə verə bilər. Çünki iri kanallarda “Hidro post”lar var və onun vasitəsi ilə sabit ölçmə işləri aparmaq mümkündür. Kiçik kanallarda isə əvvəlki qurğularla ölçülər aparmaq həm bahalı, həm də vaxt alan prosesdir.

Torpaq özüllü kanallar daimi olmadığına görə, onlarda bu növ səyyar qurğulardan istifadə etmək tövsiyə olunur. Qurğu həmçinin kanallarda olan suyun temperaturunu da ölçməyə imkan verir”.

E.Abbasov hesab edir ki, “Suqovuşan” suvarma suyundan səmərəli istifadə etməyə imkan verəcək:

“Bütün kənd təsərrüfatı məhsullarının özünə görə xüsusiyyəti var. Bəziləri yalnız gecə sulanmalıdır. Digər bir qismi ola bilsin ki, yalnız gündüz sulansın. Hətta ərazinin qumsal yaxud gilli olması da suvarmaya təsir edə biləcək amillərdəndir. Məhz bu qurğu vasitəsi ilə aparılan ölçmələr belə torpaqların da suvarma tələblərini tapmağa imkan verir”.

Qeyd edək ki, rəsmi məlumatlarda Azərbaycanda suvarma kanallarının ümumi uzunluğunun 52 000 km olduğu deyilir. Həmin kanalların 73 %-i torpaq məcralı kanallardır, bu isə təxminən 38 000 km deməkdir.

Ölkəmizdə ümumi suvarılan torpaq sahələri 1 milyon 443 min hektara bərabərdir.

Şirin su ehtiyatlarının 29,9 %-i ölkə ərazisində formalaşır, qalan 70,1 %-i isə xaricdə formalaşaraq transsərhədd çayları vasitəsi ilə Azərbaycan ərazisinə gəlir. Bu da Azərbaycanın su təsərrüfatını yağıntıdan asılı hala salır.

Qlobal istiləşmənin təsiri olaraq 2040-cı ildən etibarən bir sıra ölkələr su qıtlığı ilə üzləşəcək. Bu ölkələr sırasında Azərbaycan ilk yerlərdən birini tutur.

13.05.2022İdmana dəstək
“Gəncə idman klubu“ ictimai birliyinin gələcək planları müzakirə olunub.
“Gəncə İdman Klubu” ictimai birliyinin İdarə Heyətinin sədri Elvar Osmanov Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov ilə görüşüb.
Görüşdə təşkilatın sədrinə “Gəncə İdman Klubu”nun fəaliyyəti, əldə olunan nailiyyətlər və gələcək planlar barədə məlumat verilib. Görüşdə gənclərin idmana cəlb olunması, sağlam və vətənpərvər gəncliyin yetişməsi üçün birgə əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin klubun yeni bazasında təmir-bərpa işlərinin aparıldığı Ramil Orucovun diqqətinə çatdırılıb. Qeyd olunub ki, klubun bazasında idmançıların məşq etməsi üçün hər cür şərait yaradılacaq. İdman qurğusu beynəlxalq standartlara tam cavab verəcək.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov görüşün əhəmiyyətini və klubun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Təşkilatın sədri ​ əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu idman siyasətinin hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirildiyini, idmançılarımızın beynəlxalq arenadakı uğurlu çıxışını və Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb.​
Ramil Orucov gənclərin pis vərdişlərdən uzaqlaşması, asudə vaxtlarının səmərəli təşkil olunması və vətənpərvərlik sahəsində maarifləndirilməsi istiqamətində təşkilatın kluba həmişə dəstək olacağını vurğulayıb.
Görüşdə klubun Hüquq sektorunun müdiri Sərxan Sadıxov da iştirak edib.


08.04.2022İdmana dəstək
Prezident İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Salamaleykum, əyləşin.

Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır.

Bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Mən onları da gənclər arasında Avropa çempionatında birinci yerlə bağlı ürəkdən təbrik edərkən demişdim ki, onlar gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.

Əminəm ki, böyüklər arasında keçirilmiş çempionatda bizim idmançılarımız da eyni fikirlə, eyni duyğu ilə yarışlara çıxırdılar və bu yüksək məsuliyyəti dərk edirdilər. Çünki doğrudan da, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.

Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz. Bu, sizin həyatınızda çox əlamətdar və unudulmaz hadisədir. Bu titul - Avropa çempionu, yaxud da ki, gümüş, bürünc mükafatçısı əbədi sizinlə olacaqdır. Həm də biz hamımız sevinirik. Çünki gənc nəsil yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

Güləş, qeyd etdiyim kimi, hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə əlbəttə ki, xüsusi diqqət verməlidirlər. Əminəm ki, gələcək yarışlarda biz, əlbəttə, birinci sıralarda olacağıq. Gələcək yarışlara gəldikdə isə iki ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək. Vaxt az qalıb və hesab edirəm ki, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar, düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq və Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik. Çünki Olimpiya Oyunları, Yay Olimpiya Oyunları bütün idman yarışları arasında əlbəttə ki, xüsusi yer tutur, fərqlənir. Hesab edirəm ki, bütövlükdə növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. İndidən bir şey deyə bilmərəm, çünki hələ iki il vaxt var, amma gərək bütün səylərimiz məhz bu məqsədə çatmaq üçün hesablansın. Bir məsələ də var ki, artıq biz bu qələbələrə öyrəşirik və necə deyərlər, bu yüksək nəticələri saxlamaq çətin olacaq, idmanda hər şey ola bilər - məğlubiyyət də, qələbə də. Ancaq əminəm, gələcək yarışlarda nəticələrə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər. Mən Budapeştdə keçirilmiş çempionatın gedişatına da nəzər yetirirdim, baxırdım, görürdüm ki, ən çətin anlarda rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər. Buna fikir verərkən yenə də İkinci Qarabağ müharibəsindəki hadisələr yadıma düşdü, o vaxt da mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı, ən çirkin əməllərə. Dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu. Amma mən o vaxt demişdim, hələ müharibə gedə-gedə demişdim ki, biz ermənilərin əməllərini heç vaxt təkrar etməyəcəyik. Biz düşmənə döyüş meydanında cavab verəcəyik. Elə cavab verəcəyik ki, onlar əbədi bu dərsi yadda saxlasınlar. Mən keçirilmiş Avropa çempionatında da eyni xasiyyəti gördüm, Azərbaycan xalqına xas olan xasiyyəti. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Bunu görərkən mən bir daha əmin oldum ki, Azərbaycan xalqının gələcəyi bundan sonra da çox parlaq olacaq, bundan sonra da istənilən idman növündə. Misal üçün, biz indi bunu futbol yarışlarında da gördük. Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir. Sağ olun.

X X X

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Namiq Abdullayev dedi:

- Hörmətli Prezident, əvvəlcə bizi növbəti dəfə dəvət etdiyiniz və bizimlə yenidən görüşdüyünüz üçün Sizə həm Azərbaycan Güləş Federasiyası, həm məşqçilər və idmançılar, həm də bütün güləş ailəsi adından dərin təşəkkürümüzü bildirirəm. Bildiyiniz kimi, güləş üzrə milli komandalarımız son bir ayda iki Avropa çempionatında ölkəmizi uğurla təmsil ediblər. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında da yüksək nəticələr qazanılıb. Komandalarımız ümumilikdə 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıb. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız komanda hesabında Avropa çempionu olub. İki komandamızın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur. 23 yaşadək güləşçilərin Avropa çempionatından sonra bizi qəbul etməyiniz güləşçilərimiz üçün böyük stimul oldu. Bunun da nəticəsi olaraq böyüklərin Avropa çempionatında yüksək nəticə qazana bildik. Qarşıda bizi mötəbər yarışlar gözləyir. Bu il İslam Həmrəyliyi Oyunlarında, dünya çempionatında və dünya kubokunda ölkəmizi uğurla təmsil etmək üçün əlimizdən gələni edəcəyik.

Möhtərəm Prezident, bizi qəbul edib daim bizə diqqət və qayğı göstərdiyiniz üçün Sizə bütün güləş ailəsi adından bir daha təşəkkürümüzü bildirirəm. Diqqətinizə görə sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Sərbəst güləş üzrə üçqat dünya çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyev dedi:

- Cənab Prezident, mən də öz adımdan, həm də sərbəst güləş yığma komandasının adından bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi, Macarıstanda keçirilən Avropa çempionatında sərbəst güləşçilərimiz uğurlu nəticələr əldə etdilər. Ümumilikdə 7 medal qazandıq, bunlardan 1-i qızıl, 4-ü gümüş, 2-si isə bürünc medal oldu və biz medal sayına görə komanda hesabında birinci olduq. Sözsüz ki, bu uğurlarımız, bu qələbələrimiz Sizin idmana diqqət və qayğınızın nəticəsidir ki, bu gün belə gözəl nailiyyətlər qazandıq. Eyni zamanda, biz Güləş Federasiyasının da diqqət və qayğısını hər zaman biz hiss etmişik. Biz belə diqqət və qayğı sayəsində çalışacağıq ki, hər zaman gözəl nəticələr əldə edək.

Cənab Prezident, mənim əsas hədəflərimdən biri Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək, qızıl medal qazanmaqdır. Siz bilirsiniz ki, mən iki dəfə Olimpiya Oyunlarında medal qazanmışam – bir gümüş, bir bürünc. Artıq mənə elə gəlir ki, qızıl medal qazanmağın vaxtıdır. Mən inanıram ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarında bizim gənc güləşçilərimiz də, burada olan güləşçilərimiz də yaxşı nəticələr qazanacaqlar İnşallah və medallarımızın sayını daha da çoxaldacaqlar. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm, Allahdan Sizə uzun ömür, cansağlığı arzulayıram. Çox sağ olun diqqətinizə görə.

Prezident İlham Əliyev: Sağ ol, sağ ol Hacı, əyləş. Mən hesab edirəm ki, sən artıq Olimpiya Oyunlarının qızıl medalını qazanmısan. Çünki sən üçqat dünya çempionusan və dünya çempionatı da Olimpiya Oyunları ilə eyni səviyyəli yarışdır. Bəlkə də Olimpiya Oyunları daha həyəcanlı bir yarışdır, çünki 4 ildən bir keçirilir və bütün dünya ictimaiyyətinin diqqəti oradadır. Amma təmsilçilik baxımından və rəqabət baxımından dünya çempionatları ondan geri qalmır. Ona görə sənin üç qızıl medalın var dünya çempionu kimi. İndi təvazökar insan kimi bir medal taxmısan, amma sənin medalların nə qədərdir, bəlkə özün də sayını itirmisən. Yadındadır nə qədər medalın var sənin?

Hacı Əliyev: Çoxdur.

Prezident İlham Əliyev: İndi üç dünya çempionu medalı, ondan sonra Olimpiya, üç dəfə Avropa çempionu. Ona görə sən bütün medalları taxsan sinəndə yer qalmaz. Biz hər bir idmançıdan qələbə gözləyirik. Amma əsas odur ki, yarışda iştirak edəcəksən. Mən bilirəm ki, sən son Olimpiya Oyunlarında bir az tərəddüd edirdin gələcək fəaliyyətinlə bağlı. Amma yaxşı ki, qalmısan idmanda. Sən lazımsan həm idmana, həm gənclərə və doğrudan da gənclər üçün, gənc idmançılar üçün bir nümunəsən. Çünki üçqat dünya çempionu olmaq doğrudan da tarixi nailiyyətdir. Ona görə səni bir daha təbrik edirəm.

X X X

Yunan-Roma güləşi üzrə ikiqat Avropa Çempionu və dünya çempionu Eldəniz Əzizli dedi:

- Möhtərəm Prezident, mən də yunan-Roma güləşi milli komandası adından bizim qazandığımız qələbələri yüksək qiymətləndirdiyiniz üçün Sizə öz minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, Budapeştdə keçirilən Avropa çempionatında yarışa qatılan 10 idmançımızdan 8-i medalla Vətənə qayıtdı. Onlardan iki qızıl medal, bir gümüş və beş bürünc medalla ümumilikdə 165 xal toplayaraq yunan-Roma güləşi tarixində yeni bir rekorda imza atdıq. İlk dəfə idi ki, yunan-Roma güləşi millimiz komanda hesabında Avropa çempionu oldu. Həqiqətən də bu yarış bizim üçün rekordlarla əlamətdar bir yarış oldu.

Cənab Prezident, Sizin idmana və idmançılara göstərdiyiniz diqqət və qayğı bizi həvəsləndirir, gələcək yarışlara daha da ruhlandırır. Bildiyiniz kimi, noyabrın 5-6-da Bakıda yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Biz ilk dəfə 2015-ci ildə İran İslam Respublikasının Tehran şəhərində dünya kubokunun sahibi olmuşduq. Artıq son qələbəmizdən 7 il keçir. Düşünürəm ki, İnşallah biz idmançılar əlimizdən gələni etməyə çalışıb 7 ildən sonra qazandığımız parlaq qələbəni Bakıda təkrarlayacağıq və var gücümüzlə çalışacağıq ki, kubok Bakıda qalsın, Bakıdan qırağa getməsin. Bizi qəbul etdiyiniz üçün bir daha Sizə öz minnətdarlığımızı bildiririk. Diqqətiniz üçün sağ olun.

Prezident İlham Əliyev: Sağ ol, çox sağ ol. Eldəniz də bizim görkəmli idmançılarımızdandır, ikiqat dünya çempionu, Avropa çempionu. Ona görə əminəm ki, gələcəkdə də bizi sevindirəcək.

X X X

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov dedi:

- Hörmətli Prezident, mənim işimi yüksək qiymətləndirdiyinizə və məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istərdim. İlham Heydər oğlu, bu medalda Sizin qəlbinizin bir hissəsi də var. Siz idman üçün, gənclər üçün nə lazımdırsa edirsiniz ki, biz çalışaq, cəhd göstərək, qalib gələk və ölkəmizi şöhrətləndirək. Sağ olun. Sizə möhkəm cansağlığı arzu edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Medalınız mübarəkdir. Siz onu öz işinizlə, bizim hamımızı sevindirən nəticələrlə qazanmısınız. Hamınıza yeni qələbələr, yeni uğurlar arzu edirəm. Sağ olun.

28.02.2022İdmana dəstək
Gəncə idman klubunun usta cüdoçuları Azərbaycan çempionatında yüksək nəticə göstəriblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində usta cüdoçular arasında keçirilən Azərbaycan çempionatında “Gəncə” idman klubunun təmsilçiləri yüksək nəticə göstəriblər.

Ümumilikdə 120-yə yaxın cüdoçunun gücünü sınadığı yarışda klubun 8 cüdoçusundan 6-sı medal qazanıb. Belə ki, 73 kiloqram çəki dərəcəsində Tural Abbasov (35-39 yaş), 81 kiloqram çəki dərəcəsində isə Samir İsmayılov (35-39 yaş) və Azər Cəfərov (50-54 yaş) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Klubun daha bir cüdoçusu Vüsal İsmayılov (81 kq) 35-39 yaş kateqoriyasında gümüş medala sahib olub. Çempionatda 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Səbuhi Vəliyev (35-39 yaş) və Samir Həbibli (45-49 yaş) isə yarışı ikinci pillədə başa vurublar.

Komanda baş məşqçi Samir İsmayılovun rəhbərliyi altında mübarizə aparıb.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli komandasına cəlb olunması ilə yanaşı, gənc nəslə örnək olaraq sağlam həyat tərzinin təbliği və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.

25.06.2019İdmana dəstək
Gəncə İdman Klubunun fəxri üzvü Ağasif Səmədov gümüş medala sahib olub

Gəncə İdman Klubunun fəxri üzvü, Sambo idman növü üzrə Dünya və Avropa finalçısı Ağasif Səmədov “Minsk 2019” II Avropa Oyunlarında iştirak edib. Sambo idman növü üzrə keçirilən oyunda 52 kq çəki dərəcəsində yarışan fəxrimiz ikincilik əldə edərək gümüş medala sahib olub. Bu barədə 101.az saytına Gəncə İdman Klubunun prezidenti Elvar Osmanov məlumat verib. Onun sözlərinə görə, Ağasif Səmədov ölkəmizin bayrağını dünya, Avropa çempionatları ilə yanaşı bir çox beynəlxalq yarışlarda da yüksəklərə qaldırıb.

"Ağasif Səmədov çox zəhmətkeş, daim öz Vətəni üçün çalışan bir idmançıdır. Gəncə İdman Klubunun kolletivi adından fəxrimizə uğurlar arzu edir və gələcək yarışlarda qələbələr diləyirik"-deyə Elvar Osmanov bildirib.

Karyerası ərzində iki daxili orqanını itirən idmançımız "Facebook" səhifəsində ona dəstək duran hər kəsə öz təşəkkürünü bildirib:

"Karyeram ərzində iki daxili orqanımı itirmişəm, beş dəfə əməliyyat keçirtmişəm. Sağlamlığım tam qaydasında deyil. Əlimnən gələni etdim, var gücüm buna çatdı, şükürlər olsun ki, tam yerinə yetirə bilməsəm də, bayrağımızı ucalda bildim. Yanımızda olan, təbriklərə qoşulan, idmanın sonsuz zəhmətinə dəyər verən hər kəsə öz təşəkkürümü bildirirəm."

Qeyd edək ki, Ağasif Səmədov əməkdar məşqçi Sehriman Ağayevin yetirməsidir. O, bir sıra çempionatlarda və beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edib.